Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği və hərbi qulluqçuların maarifləndirilməsi məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən həyata keçirilən tədbirlər davam etdirilir.
Cari il üçün imzalanan birgə tədbirlər planına uyğun olaraq, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin zabitləri, eləcə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri hərbi hissələrdə şəxsi heyətlə görüşüblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Vətənimizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Görüşlər çərçivəsində gənclərin tərbiyəsində islam dininin rolu, milli birliyin möhkəmlənməsində dini həmrəyliyin rolu, hərbi kollektivlərdə qarşılıqlı münasibətlər, yüksək davranış qaydaları, sağlam əhval-ruhiyyənin yaranmasında və formalaşmasında mənəvi dəyərlərin rolu, şəxsi heyətin tolerantlıq ruhunda tərbiyəsi, eləcə də digər mövzularda söhbətlər aparılıb, Azərbaycan Ordusunda bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.