Bakı Hərbi Kollecində kursant elmi-praktik konfransı keçirilib

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Heydər Əliyev: Konstitusiya qurucusu və milli suverenliyin qarantı” mövzusunda I Respublika kursant elmi-praktiki konfransı keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Bakı Hərbi Kollecinin rəisi polkovnik İntiqam Mirzəyev müasir Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan Heydər Əliyevin ölkəmizin milli maraqlarını əsas tutaraq təhlükəsizlik, müstəqillik, müasirlik və multikultural dəyərlər üzərində dayanan dövlət idarəçilik sistemini formalaşdırdığını qeyd etmişdir.
Daha sonra konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasının inkişafı haqqında fikirlərini konfrans iştirakçılarına çatdırıb və bu istiqamətdə yeni siyasi-elmi araşdırmaların aparılmasını qarşımızda duran əsas vəzifə və tapşırıq olaraq müəyyən edildiyini vurğulayıblar.
Konfrans çərçivəsində kollecin kursantlarının hazırladıqları elmi çıxışlar iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Sonda “Heydər Əliyev - Vətənə, xalqa həsr edilən ömür” adlı film iştirakçılar tərəfindən maraqla izlənilib, xatirə şəkilləri çəkilib.
