Hərbi İdarəetmə İnstitutunda “XXI əsrdə liderlik üçün çağırışlar” mövzusunda seminar keçirildi

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda “XXI əsrdə liderlik üçün çağırışlar” mövzusunda seminar keçirildi.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikasının Federal Müdafiə Nazirliyi arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, almaniyalı mütəxəssislər polkovnik-leytenant Friedrix von Bismark və polkovnik-leytenant Maykl Piter 19-24 may 2025-ci il tarixlərində Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Qərargah zabiti kursunun dinləyiciləri “XXI əsrdə liderlik üçün çağırışlar” mövzusunda keçirilən seminarda iştirak ediblər.
Tədbir çərçivəsində liderlik sahəsində mühazirələr oxunub, hərbi liderliyin müxtəlif aspektləri dərindən təhlil olunub və məşğələlər təşkil olunub. Eyni zamanda, Hərbi İdarəetmə İnstitutunun rəhbərliyi və aidiyyəti müəllim-professor heyəti ilə almaniyalı mütəxəssislər arasında Azərbaycan və Almaniya ordularında müxtəlif səviyyələrdə liderlərin yetişdirilməsi üzrə yanaşmalara və mövcud proqramlara baxılıb, təcrübə mübadiləsi aparılıb, bu sahədə gələcək birgə fəaliyyətlər müzakirə edilib. Yekunda dinləyicilərə sertifikatlar təqdim olunub.