Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 53-cü buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib

Tədbirdə Milli Müdafiə Universitetinin rektoru, Müdafiə Nazirliyinin Baş İdarə rəisləri, hərbi liseyin rəhbərliyi, pedaqoji heyəti, kursantlar, valideynlər, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
İlk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin Hərbi Lisey ərazisində ucaldılmış abidələri ziyarət olunub və önlərinə gül dəstələri qoyulub. Sonra mərasimdə Ulu Öndər Heydər Əliyev və topraqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin ifasında dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdülov Müdafiə Nazirliyinin rəhbərliyi adından məzunları salamlayaraq, onları məzun olmaları münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində kursantlara uğurlar arzulayıb.
C.Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Anar Mirzəyev, həmçinin valideyinlər və pedaqoji heyət adınandan çıxış edən şəxslər məzunları təbrik edib, onlara ən xoş arzularını çatdırıblar.
Sonra hərbi liseyi fərqlənmə ilə bitirən məzunlara, fəaliyyətində fərqlənən zabit və müəllimlərə fəxri fərman və hədiyyələr təqdim edilib.
Tədbir zamanı kursantlar adından çıxış edən kurs birincisi, Rzayev Rüfət, hərbi liseydə əldə etdikləri bilik və bacarıqları növbəti təhsil müəssisələrində daha da inkişaf etdirəcəklərinə dair söz verib. Hərbi liseyin rəmzi kötüyünə 2025-ci ilin xatirə lövhəsini vurduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda kursantlar hərbi orkestrin müşayiəti ilə marşları ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.