“Azərbaycan Uşaqları” İctimai Birliyinin nümayəndə heyəti Naxçıvan Hərbi Kollecində olub
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə və nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecini ziyarət edib.
Ziyarət zamanı qonaqlar kollecin yataqxanası, yeməkxanası, kitabxanası, tədris korpusu, idman zalı və konfrans zalı ilə tanış olublar. Daha sonra konfrans zalında kursantlarla görüş keçirilib.
Kollecin rəisi polkovnik Yaşar Hüseynov ziyarət münasibətilə qonaqlara təşəkkür edərək, belə görüşlərin kursantların dünyagörüşünün zənginləşməsində mühüm rol oynadığını vurğulayıb.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə çıxış edərək birliyin fəaliyyəti və həyata keçirilən layihələr barədə məlumat verib.
Görüş çərçivəsində kollecin rəisi polkovnik Yaşar Hüseynov Kəmalə Ağazadəyə kollecin simvolik plaketini xatirə olaraq təqdim edib. Öz növbəsində Kəmalə Ağazadə də minnətdarlıq əlaməti olaraq kollecin rəhbərliyinə hədiyyə təqdim edib.
Sonda qonaqlar və kursantlar birlikdə xatirə şəkli çəkdiriblər.



















