Hərbi İdarəetmə İnstitutunun dinləyiciləri Hərbi Dəniz Qüvvələrinə səfər ediblər
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun "Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunun” dinləyiciləri Hərbi Dəniz Qüvvələrinə səfər ediblər.
Səfər zamanı dinləyicilərə Hərbi Dəniz Qüvvələrinin fəaliyyəti, idarəetmə strukturu, döyüş hazırlığı sistemi və qarşıda duran strateji vəzifələr barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, ölkənin milli təhlükəsizlik sistemində dəniz təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüş zamanı müasir hərbi dəniz əməliyyatlarının planlaşdırılması, strateji idarəetmədə innovativ yanaşmalar və Hərbi Dəniz Qüvvələrinin milli müdafiə sistemində rolu ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Dinləyicilər hərbi hissələrin maddi-texniki bazası ilə yaxından tanış olublar.
Səfər akademik kursun tədris proqramına uyğun olaraq nəzəri biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsinə xidmət edir və dinləyicilərin peşəkar hazırlığının artırılmasına mühüm töhvə verir.
Səfərin sonunda ziyarətçilərə hədiyyə təqdim olunub və xatirə fotosu çəkilib.







