Milli Müdafiə Universitetində “Azərbaycan dili milli kimliyimizdir” mövzusunda dəyirmi masa keçirilib
Tədbiri giriş sözü ilə açan Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov Azərbaycan dilinin tarixi, milli kimliyin formalaşmasındakı rolu və Zəfərdən sonra beynəlxalq arenada möhkəmlənən mövqeyi barədə fikirlərini bölüşüb. O, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və saflığı ilə bağlı çıxışlarını xatırladaraq, mövzunun həm elmi, həm də ictimai baxımdan əhəmiyyətini vurğulayıb. Vətən müharibəsindən sonra Prezidentin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının dilimizin mövqeyinə də müsbət təsir göstərdiyini qeyd edən rektor, hərbi sahədə milli terminologiyanın düzgün istifadəsinin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələlərinə toxunub. Natiq eyni zamanda Azərbaycan Ordusunda ana dilinin qorunması və hərbi dilin inkişaf etdirilməsinin strateji əhəmiyyət daşıdığını qeyd edib.
Sonra AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru Nadir Məmmədli cənab İlham Əliyevin Azərbaycan dili ilə bağlı siyasəti kontekstində institutda görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova “Azərbaycan dili türk dilləri ailəsində” mövzusunda çıxış edərək, Azərbaycan dilinin türk dilləri qrupuna mənsubiyyəti və bu istiqamətdə aparılan müasir elmi araşdırmalar haqqında ətraflı məlumat verib.
Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili haqqında çıxışlarını və dilimizin tarixinə dair söylədiyi fikirləri əks etdirən videoçarxlar nümayiş olunub.
Sonda bu kimi tədbirlərin gələcəkdə mütəmadi təşkili, elmi-mədəni əməkdaşlığın genişləndirilməsi və hərbi Azərbaycan dilinin, Azərbaycan Ordusunda istifadə olunan terminologiya, əmr və komandalar sisteminin daha da təkmilləşdirilməsi məqsədilə işbirliyi ilə bağlı qarşılıqlı razılıq əldə olunub.












