“Briqada mühəndis təminatının idarə edilməsi üzrə ixtisasartırma kursu"nun buraxılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda “Briqada mühəndis təminatının idarə edilməsi üzrə ixtisasartırma kursu"nun 2-ci buraxılış mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan 1-ci dərəcəli kapitan Əsəd Rüstəmov kursu bitirən zabitlərə Milli Müdafiə Universitetinin rəhbərliyinin təbrikini çatdırıb, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb, professor-müəllim heyətinə tədris alanların bilik və bacarıqlarının yüksəldilməsi istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib. O, Azərbaycan Ordusunun peşəkar və dövrün tələblərinə uyğun zabit kadrlarının hazırlanması Ali Baş Komandanın ordu rəhbərliyi qarşısında qoyduğu prioritet məsələlərdən biri olduğunu vurğulayaraq hərbi təhsil sistemində aparılan islahatların və görülən digər işlərin Ordumuzun döyüş qabiliyyətinin və intellektual potensialının yüksəldilməsi məqsədini daşıdığını xüsusi diqqətə çatdırıb.
Kursu birinciliklə bitirən mayor Rasim Məmmədov kurs yoldaşları adından çıxış edərək tədris dövründə əldə etdikləri bilik və bacarıqlara yiyələnmələri üçün yaradılmış şəraitə görə Milli Müdafiə Universitetinin və Hərbi İdarəetmə İnstitutunun rəhbərliyinə, professor-müəllim heyətinə minnətdarlığını bildirib.
Sonda məzunlara sertifikatlar təqdim olunub və xatirə fotoları çəkilib.











