Azərbaycan və BƏƏ nümayəndələri arasında hərbi təhsil sahəsində təcrübə mübadiləsi aparılıb
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Birləşmiş Komandanlıq və Qərargah Kollecinin rəis müavini, briqada generalı Ali Abdul Rahman Obaid Mohammed Alkaabinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda olub.
Səfər çərçivəsində qonaqlara Milli Müdafiə Universitetinin fəaliyyəti, tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri, həyata keçirilən islahatlar, eləcə də tədris prosesinin təşkili barədə ətraflı məlumat verilib.
Daha sonra keçirilən görüşdə Azərbaycan və BƏƏ arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi və mübadiləsi, hərbi kadrların hazırlanması, həmçinin birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb. Qonaqları maraqlandıran suallar cavablandırılıb.
Görüşün sonunda tərəflər hərbi təhsil sahəsində əlaqələrin daha da möhkəmləndirilməsinin və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Sonda xatirə şəkli çəkdirilib.











