Milli Müdafiə Universitetində Zəfər Günü və Dövlət Bayrağı Günü qeyd olunub
Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrində 8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə silsilə tədbirlər keçirilib.
Tədbirlərdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxışlarda Zəfər Gününün tarixi əhəmiyyəti, Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Qələbə, eləcə də milli birliyin və vətənpərvərlik ruhunun gücləndirilməsi məsələlərinə toxunulub. Həmçinin Dövlət Bayrağının xalqımızın milli kimliyini və müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmz olduğu vurğulanıb.
Tədbirlər çərçivəsində kursantların hazırladıqları bədii kompozisiyalar nümayiş etdirilib. Kompozisiyalarda xalqımızın qəhrəmanlıq salnaməsi, Vətən müharibəsində qazanılmış tarixi Zəfər və Dövlət Bayrağımızın milli qürur və birliyimizin rəmzi kimi əhəmiyyəti əks etdirilib.
Sonda xidmətdə fərqlənən şəxsi heyət üzvləri və qonaqlar təltif olunub, xatirə şəkilləri çəkdirilib.
























