Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvən yeri və qürur mənbəyidir
Bu gün müstəqil Azərbaycan Ordusu Azərbaycanın dövlət təhlükəsizliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qarantıdır. Ordunun maddi-texniki bazası planlı şəkildə möhkəmləndirilir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır, müasir silah və hərbi texnika alınır, yüksək ixtisaslı peşəkar hərbçilər yetişdirilir.
2016-cı ilin Aprel döyüşlərində Azərbaycan ordusu erməni işğalçı qüvvələrinə ağır zərbə vuraraq düşməni məğlub etdi, bir çox mühüm strateji yüksəklikləri nəzarət altına götürdü, 2000 hektardan çox ərazini işğaldan azad etdi. Ordu quruculuğunda əldə edilmiş uğurların növbəti təntənəsi 2018-ci ilin may ayında keçirilən “Günnüt əməliyyatı” oldu. Azərbaycan hərb tarixinə “Günnüt Zəfəri” kimi yazılan əməliyyat nəticəsində 10 min hektardan çox ərazi azad edilərək, bölmələrimizin nəzarətinə keçdi.
Azərbaycan hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması, respublikanın ərazi bütövlüyünün bərpası və tam qələbənin təmin edilməsi uğurlu ordu quruculuğu prosesinin ən bariz təzahürüdür. Qazanılan bu təcrübə və peşəkarlıq Vətən müharibəsindən sonra həyata keçirilən “Fərrux”, “Qisas” və digər uğurlu əməliyyatlarda özünü bir daha təsdiqlədi.
Azərbaycan Ordusunun imkan və qabiliyyətlərinin artırılması, qoşunların hərtərəfli və fasiləsiz maddi-texniki təminat keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni silahların, texnikanın, hərbi əmlakın alınması, silahlanmaya qəbul edilməsi, ən müasir, yeni nəsil silah və hərbi texnikasının Azərbaycan Ordusunun arsenalına daxil edilməsi istiqamətində işlər aparılır.
Ölkədə hərbi sənayenin inkişafında da son illər böyük uğurlar qazanılıb. Hazırda respublikada qabaqcıl ölkələrin təcrübəsi öyrənilir, yeni innovasiyalar tətbiq edilməklə dünya bazarında rəqabətə davamlı 1000-dən artıq çeşiddə silah və texnika, hərbi avadanlıqlar istehsal olunur və idxal edilir. NATO və digər beynəlxalq təşkilatlarla xalqımızın maraqları çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.
Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılan Azərbaycan - Türkiyə əməkdaşlığı bu gün də bütün sahələrdə inkişaf etdirilir. 2021-ci ildə iki qardaş və dost ölkə arasında tarixi bağların qırılmazlığının təntənəsi olmaqla bərabər, həm də müttəfiqliyin sübutu olaraq imzalanan Şuşa Bəyannaməsində xüsusilə ordu quruculuğu sahəsində əməkdaşlıq öz əksini tapmışdır. Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması prosesi çərçivəsində yaradılan komando hərbi hissələri və onların antiterror əməliyyatında fəal iştirakı da əməkdaşlığın sayəsindədir. 2023-cü il sentyabrın 19-da başlayan və bir gündən az davam edən antiterror əməliyyatını yüksək peşəkarlıqla yerinə yetirən Azərbaycan Ordusu Vətənimizin müdafiəsində ayıq-sayıq dayanır. Azad edilmiş torpaqlarımızda genişmiqyaslı quruculuq-bərpa işləri yüksək templə aparılır, ərazilər minalardan təmizlənir. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri digər müvafiq dövlət qurumları ilə birlikdə quruculuq işlərinin fasiləsiz həyata keçirilməsini təmin etmək məqsədilə çalışır.
Qalib Azərbaycanın rəşadətli Ordusu Vətənimizin keşiyində daima ayıq-sayıq dayanaraq cənab Ali Baş Komandanın istənilən əmrinin icrasına hər an hazırdır!