Xalqdan güc alaraq qüdrətlənən və qədim hərb tariximizin varisi - Müzəffər Azərbaycan Ordusu
Ordumuzun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. 1918-ci il mayın 28-də yaranmış Azərbaycan Demokratik Respublikası cəmi 23 ay yaşamasına baxmayaraq bu müddət ərzində çox böyük nailiyyətlər əldə edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da, Cümhuriyyətin elan edilməsindən əvvəl təşkilinə başlanılan Müsəlman korpusu Əlahiddə Azərbaycan Korpusu adlandırıldı və beləcə ilk hərbi hissə - əlahiddə korpus yarandı.
Qərarın verdiyi hüquqi əsasla 1918-ci il noyabrın 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov nazir müavini təyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. 1918-ci il dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, dekabrın 28-də isə general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa zamanda Azərbaycanda milli ordu quruculuğunda uğurlar əldə edildi. Ölkədə hərbi mükəlləfiyyət - orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. 1918-1920-ci illərdə Azərbaycanda yüksək döyüş qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissələri formalaşdırıldı. Gənc Azərbaycan ordusunun quruculuğunda Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid bəy Qaytabaşı, Məmməd Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbib bəy Səlimov kimi istedadlı və dərin biliyə malik generalların misilsiz rolu olmuşdur.
Bolşevik işğalından sonra Azərbaycanda tamamilə fərqli bir tarixi şərait yaransa da İkinci Dünya müharibəsində azərbaycanlıların döyüş cəbhələrində göstərdiyi hərbi şücaət və istedad ordu quruculuğu istiqamətində Cümhuriyyət dövründə təkmilləşən hərbi təcrübənin nəsildən nəslə ötürülməsi və milli mənəvi keyfiyyətlərin nümayişi idi. Qafqazdan Berlinədək şanlı döyüş yolu keçən Azərbaycan diviziyaları sıralarında general Həzi Aslanov, Mehdi Hüseynzadə, Ziya Bünyadov, İsrafil Məmmədov, Gəray Əsədov, Məlik Məhərrəmov və başqaları öz sələfləri kimi əsl mərdlik və şücaət nümunəsi göstərdilər. İkinci Dünya müharibəsi zamanı göstərdikləri igidliyə görə 123 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox azərbaycanlı əsgər və zabit müxtəlif orden və medallarla təltif edilmişdi.
Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində 1971-ci ildə Azərbaycanda ilk hərbi təhsil verən məktəb-görkəmli sərkərdə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması milli zabit kadrlarının yetişdirilməsində və hərb tarixində mühüm əhəmiyyət kəsb edir. Ulu Öndər Heydər Əliyev azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə da nail olmuşdu.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Ordu vahid komandanlıq ətrafında birləşdirildi, yeni nizami ordu hissələri yaradıldı. Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün-26 iyun- Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi.
Ulu Öndərin ordu quruculuğu sahəsində uzaqgörən siyasəti 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun işğalçı Ermənistan ordusu üzərində tarixi qələbəsinin təməlini qoyaraq ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsinə nail olundu.
Ordumuzun maddi-texniki bazası planlı şəkildə möhkəmləndirilir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşdırılır, müasir silah və hərbi texnika alınır, yüksək ixtisaslı peşəkar hərbçilər yetişdirilir. Ordumuzun Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğunlaşdırılması istiqamətində islahatlar davam edir.
Bu gün dünyanın ən güclü orduları sırasında öz layiqli yerini tutan Azərbaycan Ordusu hər an Ali Baş Komandanın istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır.