MÜDAFİƏ NAZİRLİYİ
Sabah

Hərbi texnologiyaların transformasiyası

Bu gün elm və texnikanın sürətli inkişafı ilə klassik döyüşlərin yerini artıq kontaktsız müharibənin elementləri- lazer silahları, bioloji silahlar, kiberterrorizm, hipersəs silahlar, süni intellektli (zəkalı) ordu-dron sürüləri, pilotsuz döyüş texnikası tutmaqdadır.

Bu silahların əsas xarakterik cəhətləri yüksək dağıdıcı gücə malik olması və canlı qüvvə itkilərinin minimuma endirilməsidir. Bu gün müşahidə olunan müasir hərbi texnologiya yaxın gələcəkdə reallığa çevriləcək hərbi silah və texnikanın ilkin inkişafının başlanğıcıdır. Hipersəs sürətli raketlər ən qısa zamanda yer kürəsinin istənilən nöqtəsində hədəflərə zərbə endirmək imkanı verir. Sürət və yüksək manevr qabiliyyətinə malik olan hipersəs sürətli raketlər dövlətlər arasında hərbi güc balansına əhəmiyyətli dərəcədə təsir etməklə raket silahlarının inkişafını yeni bir səviyyəyə qaldıracaq və hərbi strategiyada yeni istiqamətlər açacaqdır.

 

MÜDAFİƏ NAZİRLİYİ

Hipersəs sürətli raketlər müasir hərbi texnologiya ilə müqayisədə böyük hərbi-texniki üstünlüklərə malikdir. Hazırda alim və mühəndislər belə raketlərin kosmosa buraxılması və orada onun sürətinin hipersəs sürəti həddinə çatdırılması, sonra isə yer üzünə qaytarılması variantı üzərində çalışırlar. Həmin silahların çox böyük sürəti onlardan səmərəli müdafiənin də süni intellekt üzərində qurulmasını aktuallaşdıracaqdır.

Müasir hərbi texnologiyanın inkişaf istiqamətlərindən birini də lazer və kinetik silahların yaradılması təşkil edir. Bu gün lazer silahlarının əksəriyyəti quru və dəniz platformalarından istifadə üçün hazırlanır. Lazer silahlarının hərbi təyyarələrin görünüşünə və taktikasına da böyük təsir göstərəcəyini ehtimal etmək olar.

Hazırkı dövrdə süni intellektli ordu-dron sürüləri layihələri üzərində böyük işlər görülməkdədir. Yaxın vaxtlarda Türk Silahlı Qüvvələrində eyni anda böyük sayda dronun bir-birilə koordinasiyalı şəkildə əməliyyat tətbiqi layihəsinin qəbul olunacağı gözlənilir. Süni intellekt ilə idarə olunan dron sürülərinin başlıca xüsusiyyətlərindən biri GPS sistemi olmadan uçuş istiqamətini və hədəfləri asanlıqla müəyyən etmək qabiliyyətidir. Bu istiqamətdə inkişaf etdirilən “Çərkəz” layihəsi dron sürülərinin yerləşməsi, müstəqil avtonom naviqasiyası, xüsusi hədəf tanıma, hədəflərin prioritetləndirilməsi, sürü bölgüsü, görüntü əsaslı məsafənin ölçülməsi, missiyanın planlaşdırılması kimi qabiliyyətlərə malikdir.

Biologiyanın inkişafı və nanotexnologiya yeni kamuflyaj materialların, boyaların və stimulyatorların inkişafına təkan verə bilər. İndi işlənməkdə olan layihələrə görə əsgərin bədəninin müxtəlif hissələrinə, o cümlədən əvvəlcədən beyninə quraşdırılmış implantlar, antidotlar, şok əleyhinə dərmanlar daxil etməklə, xəsarət aldıqda böyük qan itkisinə yol vermədən orqanizmin dərhal əks-reaksiya göstərməsinə və kənardan müdaxilə etmədən həyatının xilas edilməsinə imkan verəcəkdir.

MÜDAFİƏ NAZİRLİYİ

Kiberterrorizm-nəticəsində kompüter sistemlərinə müdaxilə etməklə, gizli məlumatları əldə etmək, dəyişmək və yaxud silməklə döyüşün idarə edilməsinə müdaxilə etmək mümkündür. Bu, yeni növ hibrid müharibələrin bir təzahürüdür. Yaxın gələcəkdə bütün müasir silahların kompüterlə təchiz olunması reallığa çevriləcək.

Müasir döyüşün tələblərinə uyğun olaraq hərbçilərin döyüş meydanında uzlaşmasının səmərəliliyinə nail olunması üçün kompüterlərin vahid şəbəkədə rabitə və məlumat mübadiləsi həyata keçirilir. Bu üsulun müsbət tərəfləri olsa da, eyni zamanda bu cür yanaşma kiber hücumlara da yol açır.

Qloballaşma və urbanizasiya prosesləri bütün müharibələrin şəhərlərdə aparılmasına səbəb ola bilər. Yaşadığımız post-heroik dövrdə arzu və istəklərdən asılı olmayaraq kütləvi psixologiyada, siyasi sistemlərdə, ekologiyada və iqtisadiyyatda baş verən dəyişikliklər Silahlı Qüvvələrin texnologiya sahəsində inkişafını daha da sürətləndirəcəkdir.

Bütün bunlar hərb işinin gələcək inkişafını şərtləndirəcək və hüç şübhəsiz ki, Azərbaycan Ordusu da bu inkişafdan kənarda qalmayacaqdır.