Heydər Əliyev adına Hərbi Liseyin 25-ci buraxılışına həsr olunmuş təntənəli tədbir keçirilib
Tədbirdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Milli Müdafiə Universitetinin və hərbi liseyin rəhbərliyi, professor-müəllim heyəti, kursantlar, təhsil ocağını müxtəlif illərdə bitirmiş məzunlar, valideynlər, şəhid ailələri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbir zamanı Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxışı zamanı hərbi liseyin fəaliyyətinə və əhəmiyyətinə toxunan Prezidentin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kursantları təbrik edərək, ən xoş arzularını onlara çatdırmış, gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Daha sonra kursant Fərid Abbasov təhsil ocağının rəmzi kötüyünə 2025-ci ilin xatirə lövhəsini vurduqdan sonra döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.
Sonda kursantlar hərbi orkestrin müşayiəti ilə marşları ifa etdikdən sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.





















