MMU-nun nümayəndələri abituriyentlər ilə görüş keçiriblər
Dövlət İmtahan Mərkəzinin (DİM) elektron imtahanlar korpusunda təşkil olunan ali təhsil müəssisələrinin sərgisinin növbəti günündə Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) nümayəndələri abituriyentlər, onların valideynləri və digər sərgi iştirakçıları ilə görüş keçirib.
Görüşdə MMU-nun təşviqat qrupu Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi, hərbi kolleclərə, eləcə də hərbi liseylərə qəbul qaydaları, təhsil müəssisələrində mövcud ixtisaslar, keçid balları, tədris proqramları, güzəşt və imtiyazlar, xaricdə təhsil imkanları, qadın abituriyentlərin qəbul qaydaları və digər məsələlərlə bağlı maraq doğuran sualları cavablandırıblar.
Abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərmək məqsədilə keçirilən sərgidə MMU-nun təqdim etdiyi təhsil imkanları qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.














