MMU-da NATO proqramı çərçivəsində görüş keçirilib
Bakıda NATO-nun Sülh Naminə Elm proqramı çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) Bolqarıstan Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Bolqarıstan Respublikasının Elmlər Akademiyasının akademik A. Balevski adına Hidro və Aerodinamika Mərkəzi, Metalşünaslıq, Avadanlıq və Texnologiyalar İnstitutu, Nikola Vaptsarov adına Hərbi Dənizçilik Akademiyasının və Azərbaycan Milli Müdafiə Universitetin alimləri arasında SPS G7475 “Dəniz limanlarının təhlükəsizliyi qabiliyyətlərinin möhkəmləndirilməsi” qrant layihəsi ilə əlaqədar gələcək fəaliyyətlər müzakirə olunub.
Bildirilib ki, NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün əhəmiyyəti danılmazdır.
Səfər zamanı qonaqlar İdarəetmə Sistemləri İnstitutunu və Bakı Mühəndislik Universitetini ziyarət edərək təhsil müəssisələrinin rəhbər heyəti və alimləri ilə fikir mübadiləsi aparıblar.
Daha sonra Bolqarıstanlı qonaqlar Heydər Əliyev Mərkəzini ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə yaxından tanış olublar.













