Məzunlar Donanma stajını müvəffəqiyyətlə başa vurub
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dənizçilik Fakültəsinin məzunları Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz limanında təşkil olunmuş Donanma stajını müvəffəqiyyətlə başa vurub.
Hərbi ixtisas üzrə nəzəri bilikləri möhkəmləndirmək və praktiki vərdişlər qazanmaq məqsədilə təşkil olunmuş stajda məzunlar gəminin limandan ayrılması, gəmidə davamlılıq uğrunda mübarizənin aparılması, gəmidə növbə sisteminin təşkili, döyüş postları və gəmilər arasında rabitənin təşkili, eləcə də donanmanın struktur quruluşu, döyüş hazırlığı, gəmi idarəetməsi, naviqasiya və rabitə sistemləri kimi sahələrdə bilikləri təkmilləşdirib, real hərbi şəraitdə xidmət fəaliyyətinin xüsusiyyətləri ilə tanış olublar.
Tədris proqramına uyğun olaraq həyata keçirilən staj zamanı məzunlar həmçinin dənizdə manevr təlimlərində, mühafizə tədbirlərində və texniki xidmət proseslərində fəal iştirak ediblər. Təlimlər peşəkar zabit heyətinin rəhbərliyi ilə yüksək səviyyədə təşkil olunub.
Stajın sonunda məzunlara sertifikatlar təqdim olunub.
Donanma stajı məzunların yalnız peşəkar hazırlığını deyil, həm də intizam, məsuliyyət və vətənpərvərlik ruhunu daha da gücləndirib.













