Naxçıvan Hərbi Kollecində “Zəfər Günü – əbədi qürurumuz” adlı tədbir keçirilib
Noyabrın 8-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Dövlət Universiteti və Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecinin birgə təşkilatçılığı ilə “Zəfər Günü - əbədi qürurumuz” adlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. Naxçıvan televiziyasının Zəfər Gününün 5 illiyi münasibətilə hazırladığı videoçarx nümayiş etdirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli kollecin müəllim, zabit və kursantlarını Azərbaycan xalqının şərəf, qürur və milli iftixar rəmzinə çevrilmiş 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edib, əlamətdar gündə şəhidlərimizin əziz xatirəsinə ehtiramını bildirib, Vətən uğrunda sağlamlığını itirənlərə şəfa diləyib.
Səlahiyyətli nümayəndə bildirib ki, İkinci Qarabağ müharibəsində Azərbaycan dövlətinin ən böyük gücü ölkə başçısı cənab İlham Əliyev kimi sərkərdənin yaratdığı güclü iqtisadiyyat və qüdrətli ordu ilə yanaşı, həm də malik olduğu vətənpərvər insanları oldu.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qeyd edib ki, 8 Noyabr xalqımızın milli qürur günü, tarixi ədalətin və beynəlxalq hüququn təntənəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış şanlı qələbə ilə hər bir azərbaycanlının arzusu reallığa çevrildi.
Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik Yaşar Hüseynov Aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində, antiterror döyüşlərində şücaət göstərən müharibə iştirakçılarının tədbirdə iştirak etdiyini qürurla diqqətə çatdırıb.
Tədbir bədii hissə ilə davam edib. Kursantlar Hərbi Kollecin marşını səsləndirib, NDU-nun Simfonik orkestri vətənpərvərlik ruhlu musiqi nömrələri təqdim ediblər.
Səlahiyyətli nümayəndə Naxçıvan Hərbi Kollecinin xatirə kitabına ürək sözlərini yazıb, kollektivlə xatirə fotosu çəkdirib.

















