Hərbi Liseydə elmi-metodiki görüş keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçivanski adına Hərbi Liseydə Elm və Təhsil Nazirliyinin (ETN) nümayəndələrinin iştirakı ilə “Şəxsiyyət keyfiyyətlərinin inkişaf etdirilməsi hərbi kadr hazırlığında metodoloji istiqamət kimi” mövzusunda elmi-metodiki görüş keçirilib.
Görüşün əsas məqsədi hərbi təhsil sistemində şəxsiyyət yönümlü yanaşmanı gücləndirmək və gənc kadrların formalaşmasında müasir təlim metodlarının tətbiqini təşviq etmək olub.
Tədbir çərçivəsində ETN yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə “Şəxsiyyət keyfiyyətlərinin inkişaf etdirilməsi hərbi kadr hazırlığında metodoloji istiqamət kimi” mövzusunda çıxış edərək, hərbi təhsildə şəxsiyyət yönümlü təlimin əhəmiyyətini və onun kadr hazırlığına təsir mexanizmlərini vurğulayıb.
Daha sonra ETN nümayəndəsi Günay Əkbərova tərəfindən “Service Learning (xidmət yönümlü öyrənmə)” anlayışının mahiyyəti və əhəmiyyəti haqqında təqdimat keçirilib. O, bu yanaşmanın tələbələrin yalnız nəzəri bilik deyil, həm də ictimai məsuliyyət, liderlik və əməkdaşlıq bacarıqları qazanmasına necə şərait yaratdığını izah edib.
Professor-müəllim heyəti tərəfindən müasir təlim metodlarının praktik tətbiqi, metodoloji istiqamətlərin paylaşılması və təcrübə mübadiləsi aparılıb. İştirakçılar “service learning” modelinin hərbi təlim mühitinə inteqrasiyasının gənclərin mənəvi, sosial və intellektual inkişafına necə töhfə verə biləcəyi barədə fikir mübadiləsi aparıblar.
Cəmşid Naxçivanski adına Hərbi Liseyin rəisi polkovnik Anar Mirzəyev tədbirdə çıxış edərək, elmi-metodiki görüşün təşkili və aktiv iştiraka görə professor-müəllim heyətinə, həmçinin bütün qonaqlara təşəkkürünü bildirib. O vurğulayıb ki, belə təşəbbüslər təhsil mühitində innovativ düşüncəni dəstəkləyir, zabit hazırlığında şəxsiyyət yönümlü təlim prinsiplərinin tətbiqinə mühüm töhfə verir və gələcək hərbi kadrların inkişafına xidmət edir.
Tədbir Cəmşid Naxçivanski adına Hərbi Liseydə hərbi pedaqoji inkişaf istiqamətində atılmış mühüm addım kimi dəyərləndirilib.













