Kursantlar Zəfər Muzeyi və Qənimətlər Parkını ziyarət edib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutun kursantları Azərbaycanın şanlı tarixini daha yaxından tanımaq məqsədilə Zəfər Muzeyini və Qənimətlər Parkını ziyarət ediblər.
Ziyarət zamanı onlara Vətən müharibəsinin gedişi, qəhrəman əsgər və zabitlərimizin göstərdiyi igidlik, eləcə də əldə edilən tarixi qələbənin əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Zəfər Muzeyində kursantlar şanlı qəhrəmanlıq səhifələrini əks etdirən eksponatlarla tanış olub, müharibə dövründə istifadə olunan hərbi texnika, unudulmaz xatirələr və zəfər yolunu əks etdirən ekspozisiyalar onların böyük marağına səbəb olub.
Daha sonra Qənimətlər Parkına səfər təşkil olunub. Burada kursantlar 44 günlük Vətən müharibəsi zamanı düşməndən götürülmüş müxtəlif texnika və silah-sursat nümunələrini görərək, Azərbaycan Ordusunun gücünü və qələbənin hansı əzmlə əldə edildiyini bir daha dərk ediblər.
Ziyarət kursantlarda vətənpərvərlik hisslərini daha da gücləndirib, Azərbaycan əsgərinin qələbə əzmini, ordumuzun qüdrətini nümayiş etdirən tarixi faktlarla onları yaxından tanış edib.
Bu kimi tədbirlər gənclərin milli ruhda tərbiyə olunmasına, dövlətə və orduya bağlılığın möhkəmlənməsinə xüsusi töhfə verir.




















