Bakı Hərbi Kollecinin kursantları Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi, tarixi biliklərinin artırılması və milli irsimizin təbliği məqsədilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər.
Ziyarət çərçivəsində kursantlar muzeydə nümayiş etdirilən zəngin eksponatlar, müxtəlif dövrlərə aid silah-sursat nümunələri, hərbi geyimlər, arxiv sənədləri və foto materiallarla yaxından tanış olublar. Onlara Azərbaycan Ordusunun formalaşma mərhələləri, keçdiyi şərəfli döyüş yolu, müstəqilliyimizin qorunması uğrunda aparılan mübarizələr, eləcə də Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqında ətraflı məlumat verilib.
Muzey əməkdaşlarının təqdimatları zamanı kursantlara xalqımızın qəhrəmanlıq salnaməsini əks etdirən real tarixi faktlar, şəhidlərimizin göstərdiyi şücaət nümunələri və hərbi irsimizin bu gün də qorunub saxlanılmasının əhəmiyyəti xüsusi vurğulanıb.
Keçirilən bu maarifləndirici tədbir kursantların hərbi-tarixi biliklərinin artırılmasına, milli-mənəvi dəyərlərimizə bağlılıq, vətənpərvərlik və dövlətçilik ruhunda formalaşmalarına, eləcə də xidmətə mənəvi-psixoloji hazırlıqlarının möhkəmləndirilməsinə xidmət edir.
Bu cür tədbirlərin davamlı şəkildə təşkili gənc hərbçilərin ideoloji hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır və onların gələcək peşəkar fəaliyyətinə müsbət töhfə verir.



















