“Briqada artilleriyasının idarə edilməsi” üzrə ixtisasartırma kursunun buraxılış mərasimi keçirilib
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunda “Briqada artilleriyasının idarə edilməsi” üzrə ixtisasartırma kursunun 2-ci buraxılış mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasimdə çıxış edən Hərbi İdarəetmə İnstitutun rektoru, Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Elnur Ələsgərli kursu bitirən zabitləri Milli Müdafiə Universitetinin rəhbərliyi adından təbrik edərək, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb, həmçinin kursu tədris edən professor-müəllim heyətinə öz təşəkkürünü bildirib. O, müasir dövrün tələblərinə uyğun peşəkar kadrların hazırlanmasının Milli Müdafiə Universitetinin prioritetini təşkil etdiyini bildirib, hərbi təhsil sistemində aparılan islahatlar çərçivəsində təsis edilən yeni kursların, o cümlədən bu kursun Ordumuzun döyüş qabiliyyətinin və intellektual potensialının yüksəldilməsinə xidmət edəcəyini vurğulayıb.
“Briqada artilleriyasının idarə edilməsi” üzrə ixtisasartırma kursunu birinciliklə bitirən polkovnik-leytenant Babayev İbrahim Telman oğlu kurs yoldaşları adından çıxış edərək tədris dövründə əldə etdikləri bilik və bacarıqlara yüksək şəkildə yiyələnmələri üçün verilən təhsilə və yaradılmış şəraitə görə minnətdarlığını bildirib.
Daha sonra digər məzunlara sertifikatlar təqdim olunub.
Tədbirin sonunda xatirə fotosu çəkilib.









