Kursantlar Xocalı faciəsinə həsr olunmuş tədbirdə iştirak ediblər
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin və Muzeyin birgə təşkilatçılığı ilə “Vicdanın susduğu gecə” adlı anım tədbiri keçirilib.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Bakı Hərbi Kollecinin kursantı Atilla Kazımlı və muzeyin əməkdaşı Türkan Əliyeva Qarabağ hadisələri, Xocalı soyqırımı və 44 günlük Vətən müharibəsi mövzusunda geniş məruzələrlə çıxış ediblər.
Daha sonra Xocalı soyqırımının canlı şahidi olmuş və erməni əsirliyində ağır işgəncələrə məruz qalmış Dürdanə Ağayevanın qardaşı Eldəniz Ağayev ailəsi ilə bağlı xatirələrini bölüşüb, o dəhşətli gecədə baş verən faciənin acı və ağır həqiqətlərindən söz açıb.
Daha sonra erməni əsirliyində olmuş Dürdanə Ağayevaya həsr olunmuş “Erməni zindanında 8 gün” adlı kitabı əsasında ekranlaşdırılmış “Əsirlikdə 8 gün” adlı bədii-sənədli film nümayiş olunub.
Bu kimi tədbirlər gənclərdə milli kimlik və vətəndaşlıq məsuliyyətinin güclənməsinə, şəhid ailələrinə və faciə şahidlərinə mənəvi dəstəyin göstərilməsinə, eyni zamanda şanlı tariximizin təbliğinə xidmət edir.
Sonda xatirə şəkilləri çəkilib.














