55 illik şanlı tarix, sarsılmaz iradə və qürur!
Cəmşid Naxçıvanski adına Hərbi Lisey yarandığı gündən etibarən Vətənimiz üçün qəhrəman oğullar, peşəkar və vətənpərvər zabitlər yetişdirən müqəddəs bir ocaq olmuşdur. Bu gün bu şanlı ocağın 55 yaşını böyük iftixar hissi ilə qeyd edirik.
Bu möhtəşəm məktəbin banisi, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və Vətən sevgisi ilə illər öncə dediyi o unudulmaz sözlər bu gün də hər birimizin qəlbində və yaddaşındadır:
“Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam.”
Müstəqil Azərbaycanın qüdrətli ordusu üçün belə bir əvəzsiz miras qoyan Ümummilli Liderimizi dərin hörmət və ehtiramla yad edirik.










