Kursantlar Zəfər Muzeyini ziyarət ediblər
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin kursantları vətənpərvərlik ruhunun yüksəldilməsi, şanlı tariximizin öyrənilməsi məqsədilə Zəfər Muzeyini ziyarət ediblər.
Ziyarət zamanı kursantlara Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin ən şərəfli səhifələrindən biri olan Vətən Müharibəsi barədə ətraflı məlumat verilib.
Muzeyin zəngin ekspozisiyası ilə tanış olan gənc hərbçilər müasir müharibə tariximizin mühüm məqamlarını əks etdirən eksponatları, döyüş texnikalarını, hərbi əməliyyatlara dair materialları və qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunmuş guşələri böyük maraq və ehtiramla izləyiblər.
Bu cür maarifləndirici və vətənpərvərlik ruhunda keçirilən tədbirlər kursantların milli ruhda yetişdirilməsi, onların mənəvi-psixoloji hazırlığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.










