Milli Müdafiə Universitetinin “Zəfər” komandası beynəlxalq yarışa vəsiqə qazanıb
Milli Müdafiə Universitetinin komandaları 27–28 iyun tarixlərində Azərbaycanda keçirilən robotexnika, innovasiya və mühəndislik sahəsində regionun nüfuzlu texnologiya yarışlarından olan “World Robot Caspian Cup 2026” yarışında uğurla iştirak ediblər.
Yarışda Azərbaycanın 20 regionunu təmsil edən 145 komanda, eləcə də 8 xarici ölkədən 12 beynəlxalq komanda mübarizə aparıb.
İki gün davam edən yarış çərçivəsində iştirakçılar robot futbolu, dron texnologiyaları, süni intellekt, avtonom sistemlər, mühəndislik layihələri və digər innovativ texnoloji istiqamətlər üzrə bilik və bacarıqlarını nümayiş etdiriblər.
Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri yarışda ümumilikdə 3 komanda ilə təmsil olunublar. Bunlardan iki komanda Bakı Hərbi Kollecini, bir komanda isə Cəmşid Naxçıvanski adına Hərbi Liseyini təmsil edib.
Yarışın yekun nəticələrinə əsasən, Bakı Hərbi Kollecinin “Zəfər” komandası FPV Drone (“First Person View” — birinci şəxs baxış bucağından idarə olunan dron) kateqoriyasında uğurla çıxış edərək III yerə layiq görülüb. Bu nəticə komandaya Taylandda keçiriləcək beynəlxalq yarışda iştirak hüququ qazandırıb.
Əldə olunan bu uğur kursantların yüksək hazırlıq səviyyəsinin, peşəkarlığının, innovativ düşüncə tərzinin və güclü komanda ruhunun bariz göstəricisidir.
Əldə olunan bu uğur kursantların yüksək hazırlıq səviyyəsinin, peşəkarlığının, innovativ düşüncə tərzinin və güclü komanda ruhunun bariz göstəricisidir. Milli Müdafiə Universiteti adından “Zəfər” komandasını təbrik edir, onlara növbəti beynəlxalq yarış mərhələsində uğurlar arzulayırıq.













